Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikasının dini təhsil ocaqlarının rektoru Ayətullah Əlirza Ərafi ABŞ və sionist rejimin İranın məzlum xalqına qarşı törətdiyi son cinayətləri, eləcə də İranın Ali Məqamlı Rəhbəri həzrət Ayətullah üzma Seyid Əli Hüseyni Xameneinin və ölkəmizin bir sıra yüksək rütbəli komandirlərinin terror edilərək şəhid edilməsindən sonra dünya katoliklərinin lideri Papa XIV Leoya mühüm məktub ünvanlayıb. Məktubun mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Salam, hörmətli cənab Papa XIV Leo
Dərin kədər və hüznlə bu mesajı sizə ünvanlayıram. Bu məktubu İran xalqının, eləcə də bütün dünya şiələrinin misilsiz və ağır matəmə büründüyü bir şəraitdə yazıram. Qələmin yazmaqdan, dilin isə danışmaqdan aciz qaldığı bir vaxtda, din və insanlıq vəzifəsi tələb edir ki, bir millətin məzlumluq fəryadı bütün dünyanın, xüsusilə də sülh və ədalətə çağıran mənəvi liderlərin qulağına çatsın.
Sizin də bildiyiniz kimi 28 fevral 2026-cı il şənbə gününün ilk saatlarında cinayətkar ABŞ və İsrail şeytani bir koalisiya yaradaraq müstəqil və azad İran İslam Respublikasına qarşı misli görünməmiş və böyük bir cinayət törətdilər. İnsanlıq prinsiplərinə zidd olan təcavüz zamanı bütün beynəlxalq qanun və humanitar prinsiplər açıq şəkildə pozuldu. Şiə dünyasının mərcəyi-təqlidi, eləcə də İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah üzma Seyid Əli Xamenei Tehran şəhərində iş otağında vəzifəsini yerinə yetirdiyi anda bir qrup həmkarı və ailə üzvləri ilə birlikdə düşmən tərəfindən şəhid edildi. Ayətullah üzma Seyid Əli Xamenei İranda yaşayan xristianları başda olmaqla dini azlıqların hüquqlarının əsas müdafiəçilərindən idi.
Lakin insanlığa sığmayan bu terror aktı sadəcə bir müharibə cinayəti deyildi. Yüz milyonlarla davamçısı olan bir məzhəbin Ali dini Rəhbərini hədəfə almaq və dünya müsəlmanlarının böyük hörmət bəslədiyi bir şəxsiyyəti qətlə yetirmək dinlər tarixində görünməmiş bir cinayətdir və buda bütün ilahi dinlərin ardıcıllarına açıq bir təhqir hesab olunur. Bu hadisə yeni bir “cürət qapısı” açır ki, gələcəkdə hər hansı zorakı güc istənilən bir dini liderin həyatını özlərinə sərf etmədiyi təqdirdə məhv etsinlər.
Şübhəsiz ki, bu böyük mərcəyi-təqlidə qarşı illər boyu davam edən təhdidlərin əsas səbəbi onun Fələstin xalqının məzlumluğunu qətiyyətlə müdafiə etməsi və Qəzza xalqının soyqırım və işğala qarşı göstərdiyi müqaviməti açıq şəkildə dəstəkləməsi idi. Bu məsələni Siz də dəfələrlə açıq şəkildə pisləmiş və günahsız insanların qətlə yetirilməsinin bariz nümunəsi adlandırmısınız.
Digər tərəfdən, bu hücumla eyni vaxtda təcavüzkar rejim bəşəriyyətin vicdanını sarsıdan dəhşətli bir cinayət törədərək Minab şəhərində yerləşən qızlara məxsus tam orta məktəbi hava zərbəsi ilə hədəfə aldı. Bu dəhşətli hadisə nəticəsində 8‑12 yaş arası təxminən 170 günahsız şagird həyatını itirdi.
Bu kiçik və günahsız mələklərin pak cisimləri, dağıntılar altında qalmış məktəb çanta və ayaqqabılarının görüntüləri hər bir mərhəmətli insanın qəlbini ağrıdır. Bu gün Minab şəhərində şəhid olmuş uşaqların müdafiəsi, Qəzza uşaqlarının müdafiəsi kimi, hər birimiz üçün dini, mənəvi və insanlıq vəzifəsidir. Bu məsuliyyət və vəzifənin yerinə yetirilməsi ilə uşaqlara qarşı belə faciələrin təkrarlanmasının qarşısı alınsın.
Zati‑aliləri!
Siz katolik xristianlarının rəhbəri və dinlərarası dialoqun, həmçinin dünya sülhünün aparıcı simalarından biri kimi hər zaman məzlumların müdafiəçisi və insan ləyaqətinin təbliğatçısı olmusunuz. Bu gün sülhsevər və dini inanclı İran xalqı bütün dünyanın vicdanlı insanları qarşısında ağır bir müsibətlə üz‑üzədir.
Zati-alilərindən gözlənilir ki, müstəqil dini və mənəvi bir qurum kimi bu dəhşətli hadisələri o cümlədən açıq‑aşkar “müharibə cinayəti”, “bəşəriyyətə qarşı cinayət” və “dini rəhbərlərə qarşı hörmətsizlik” olan bu əməlləri haqqın səsiylə qınasın və bu cinayətlərin Məsihi dininin mərhəmət dolu təlimləri ilə heç bir əlaqəsinin olmadığını bəyan etsin.
و من الله التوفیق
Müvəffəqiyyət yalnız Allahdandır.
Ayətullah Əlirza Ərafi
İran İslam Respublikasının
Elmi hövzələrinin rektoru
Rəyiniz